Ədliyyə Nazirliyi 1600 tənha yaşlıya ərzaq yardımı edib

Ədliyyə Nazirliyi 1600 tənha yaşlıya ərzaq yardımı edib

Vakıf Katılım

Respublikamızda qlobal pandemiyanın yayılmasının qarşısının almaq, əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə zəruri preventiv və profilaktik işlər aparılır. Karantin rejiminin elan olunması ilə əlaqədar həssas əhali qruplarının qayğıları xüsusilə diqqətdə saxlanılaraq onların sosial ehtiyaclarının ödənilməsi istiqamətində lazımi tədbirlər görülür.

Eyni zamanda ölkə ictimaiyyəti, ayrı-ayrı dövlət və özəl təşkilatlar tərəfindən koronavirus infeksiyası ilə mübarizə tədbirlərində sosial həmrəylik nümayiş etdirir, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycanlıların hər zaman, xüsusilə çətin anlarda bir-birilərinə, böyüklərimizə mərhəmətlə, qayğı və həssaslıqla yanaşılması ilə bağlı çağırışlarına qoşularaq aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasında köməkliklərini əsirgəmirlər.

Bu xeyirxah aksiya Ədliyyə Nazirliyi tərəfindən davam etdirilib.

Ədliyyə Nazirliyi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq şəraitində 1600 tənha yaşlıya ərzaq yardımları edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, hazırda yaşı 65-dən yuxarı tənha yaşlı insanlar, eləcə də tənha yaşayan və özünəqulluq qabiliyyəti olmayan əlilliyi olan şəxslər sosial xidmət işçiləri tərəfindən evlərində gündəlik sosial məişət xidmətləri ilə təmin olunurlar.

Ədliyyə Nazirliyinin əməkdaşları sosial xidmət işçiləri ilə birgə ərzaq yardımlarını tənha yaşlılara evlərində çatdırıblar.

Qeyd edək ki, son günlərdə müxtəlif dövlət və özəl müəssisələr tərəfindən 13 min tənha yaşlıya ərzaq payı verilib. Hazırda həssas qruplardan olan şəxslərə ərzaq paylanılması prosesi Ədliyyə Nazirliyi və digər qurumlar tərəfindən davam etdirilir. Bu tədbirlər cəmiyyətimizdə yaşlı nəslə qayğı ilə yanaşılması kimi yüksək mənəvi dəyərlərin, eyni zamanda, milli həmrəyliyin əyani təzahürüdür.

Hibya Xəbər Agentliyi